11.02.2023-cü il tarixində Bakı şəhəri 28 saylı məktəb kollektivi ilə “Məktəbdə sağlam psixoloji iqlimin formalaşmasında psixoloji xidmətin rolu, pedaqoji-psixoloji konsiliumların zəruriliyi, məktəbdə psixoloji xidmətin aktual və perspektiv istiqamətləri” mövzusunda seminar təşkil edilmişdir. Seminarda ADPU-nun Məktəbəqədər təhsil fakültəsinin Ümumi psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Lamiyə Mehdi qızı Qurbanova ekspert qismində çıxış etmişdir. Seminarı giriş sözü ilə açan məktəbin direktoru Əmircanova Qənirə Abduləli qızı məktəbdə psixoloji xidmətin təşkilində qarşıya çıxan çətinliklər, təlim-tərbiyə işinin səmərəli keçməsi üçün sağlam psixoloji mühitin vacibliyi və bu sahədə görülən işlərin keyfiyyətinin artırılması kontekstində psixoloq-pedaqoq və valideyn əməkdaşlığına tələbatın artdığından bəhs etmiş, daha sonra müəllim kollektivini maraqlandıran psixoloji sualları Lamiyə Mehdi qızı Qurbanova cavablandırmışdı. Seminar məktəb kollektivi tərəfindən böyük maraq və rəğbətlə qarşılanmışdır: əməkdaşlığa görə ADPU rəhbərliyinə məktəb kollektivi tərəfindən təşəkkür ünvanlanmışdır. ADPU-nun növbəti uğurlarından biri kimi də qeyd edilməlidir ki, 28 saylı məktəbin hər iki psixoloqu ADPU məzunlarıdır: Aynur Tofiq qızı Məmmədova (ADPU Məktəbəqədər təhsil fakültəsinin 2020-ci il məzunu) və Nuranə Rafiq qızı Orucova (ADPU Quba filialının 2017-ci il məzunu). Sonda məktəbin kitabxanasına ADPU-da nəşr olunan psixoloq alimlərin kitabları hədiyyə edilmişdir.